Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Aşağıdakı simptomları özünüzdə müşahidə etmisinizsə, oftalmoloqa müraciət edin:
- Başqalarının gördüyü yazıları həmin məsafədən görmürsünüzsə
- Uzağa baxanda gözlərinizi qıyırsınızsa
- Uşaq televizora yaxından baxırsa, başını yana əyib baxırsa
- Oxu zamanı hərflər “qarışır, qaçırsa”
- Oxuyanda baş və ya gözlər ağrıyırsa, diskomfort yaranırsa
Oxuma zamanı tez yorulursunuzsa, xoşladığınız filmə sona qədər baxa bilmirsinizsə, “səbəbsiz” baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu, görmənin pisləşməsinin əlaməti ola bilər.
Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxarır.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



