Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.
Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı “keratit” adlandırılır. Keratit həm bir, həm də hər iki gözdə inkişaf edə bilər.
Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.
Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.
Keratitin simptomları:
- ağrı
- görmənin zəifləməsi
- xəstə gözün qızarması
- xəstə gözün buynuz qişasının parlaq deyil, bulanıq görünməsi
- gözdə yad cismin olması hissi
- işıqdan qorxmaq
- gözlərin sulanması
- blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)
Kontakt linza daşıyıcılarında keratitə tez-tez rast gəlinir. Onu, o cümlədən, ən sadə mikroorqanizmlər – akantamöblər törədə bilər.
Akantamöb keratiti ağır gedişata malikdir, çətin müalicə olunur, tez-tez intensiv bulanmalar qalır ki, bu da görməni əhəmiyyətli dərəcədə zəiflədir.
Keratit həkimin gündəlik nəzarəti altında, ağır hallarda stasionarda müalicə edilir. Əks halda, kobud çapıq dəyişiklikləri əmələ gələ bilər ki, bu da görməni əhəmiyyətli dərəcədə, hətta korluğa qədər aşağı sala bilər.
Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



